ABŞ prezidenti Donald Tramp iyunun 14-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətindən sonra sosial mediada yazıb ki, "Putin də mənim kimi düşünür ki, İsrail-İran müharibəsi bitməlidir".
İsrail İrana iyunun 13-də zərbələr endirməyə başlayıb. Tərəflər bir-birinə raket və dron zərbələrini davam etdirir.
"Onun da müharibəsi bitməlidir", – Tramp Putinə belə dediyini postunda qeyd edib.
AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qutterman yazır ki, Trampın son qeydi bilərəkdənmi, bilməyərəkdənmi, Moskvanın riyakarlığına işarə edir: Rusiyanın Ukraynaya hərbi təcavüzündən üç ildən çox keçir, minlərlə dinc ukraynalı öldürülüb, çoxu da cəbhədən xeyli uzaqda yerləşən evlərə gecə hücumlarında. Rusiyanın Xarici İşlər Nazirliyi isə İsrailin "yuxuda olan" şəhərlərə "təhrik olunmamış" hərbi zərbələrini pisləyib.
Müəllif yazır ki, İsrail-İran münaqişəsi Moskvanın Ukraynaya qarşı işğalını çətin bitirə, amma qarşılıqlı zərbələr Rusiyanın əlinə oynaya bilər.
Dronlar və diqqətin yayındılması
2023-cü ildə ABŞ-nin terrorçu saydığı HƏMAS-ın İsrailə hücumu və ardınca başlanan Qəzza müharibəsi kimi, İsrail-İran münaqişəsi də Qərbin diqqətini Rusiyanın Ukraynaya təcavüzündən vacib bir məqamdan yayındırır.
Bu elə bir məqamdır ki, Tramp, ABŞ, Qərbin qalan hissəsi Moskvaya yeni sanksiyaları nəzərdən keçirir. Kiyev və Avropa liderləri deyirlər ki, Rusiya sülhdə qətiyyən maraqlı deyil, cəbhə xəttində mövqeyini yaxşılaşdırmaq üçün prosesi uzatmağa çalışır.
Böyük Yeddiliyin (G7) iyunun 17-də başa çatacaq sammitində sanksiyalarla bağlı qərar olsa belə, İsrail-İran münaqişəsindən dolayı arxa plana keçə bilər.
Bir az da irəli getsək, Yaxın Şərqdəki durum Qərb silahları, pulu, digər resursları uğrunda Ukrayna müharibəsi ilə yarışa bilər.
Qərb Moskvanı onun neft gəlirlərini azaltmaqla zəiflətməyə çalışır. Amma İsrail-İran zərbələrinin neftin qiymətini qaldırması Kiyev və dəstəkçiləri üçün itki deməkdir.
Bu faktorlar Ukraynaya döyüş zonasında da problemlər yarada bilər. Rusiya qüvvələri ləng də olsa, irəliləyir.
Kreml isə Yaxın Şərqdəki zorakılıqdan çoxsaylı faydaya ümid bəsləyə bilər.
"İranı kənara qoysaq, ən böyük hərbi və siyasi ziyan Ukraynaya dəyə bilər", – bunu Moskvada yerləşən Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov rəsmi "Rossiyskaya Qazeta"da yazıb.
"Yaxın Şərqdə yeni müharibə təkcə dünyanın diqqətini [Rusiyanın Ukraynaya qarşı işğalından] yayındırmayacaq. Birləşmiş Ştatları İsrailə hərbi yardıma ayırmağa yönəldəcək", – Puxov proqnoz verib.
Digər tərəfdən, Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi silahlara, İranın "Şahed" dronlarına da birbaşa təsir mümkündür. Rusiya və Yaxın Şərq üzrə ekspert Hanna Notte iyunun 14-də X platformasında yazıb ki, indi Rusiya "Şahed"ə oxşar dronları özü istehsal edir, "İranın ilkin dizaynına xeyli dəyişikliklər edib".
"Məncə, Ukraynada Rusiyaya o qədər də təsir göstərməyəcək", – o qeyd edib.
Ukrayna münaqişəsi bir-iki günə həllini tapacaqdı
Tramp "Truth Social" şəbəkəsində yazıb ki, "İran və İsrail arasında razılaşmanı asanlıqla əldə edə, bu qanlı münaqişəyə son qoya bilərik!!!".
S.Qutterman yazır ki, bunu etmək arzusu azından indilik onun Rusiyanın Ukraynadakı müharibəsini bitirmək yönündə səylərini üstələyə bilər. Axı, Tramp bu müharibəyə bir-iki günə son qoyacağını deyirdi.
O, Putinin dinc sakinləri ölümünə səbəb olan hücumlarını pisləsə də, indiyədək Moskvaya yeni sanksiyalar qoymayıb.
Tramp Putinin sülh istəyində səmimi olub-olmadığını müəyyənləşdirmək üçün ikihəftəlik qeyri-rəsmi tarix də qoymuşdu, ondan artıq bir neçə gün də keçib. Yaxın Şərqdə başlanmış zorakılıq isə bu işi daha da ləngidə bilər, özəlliklə də əgər Tramp İran-İsrail atəşkəsi üçün Kremldən vasitəçilik istəyərsə.
Bəs, Putinin köməyi dəyə bilərmi?
Hələ iyunun 4-də Putinlə telefon söhbətindən sonra Tramp yazmışdı ki, İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması üçün Tehranla razılaşmanın əldə olunmasında Putinin köməyi dəyə bilər.
Trampla 14 iyun danışığına dair Kremlin məlumatında deyilir ki, Putin Rusiya tərəfinin mümkün vasitəçilik səylərinə hazır olduğunu vurğulayıb.
Ertəsi gün isə Tramp "ABCNews"a deyib ki, o, Putinin vasitəçi olmasına "açıqdır".
Bu diplomatik istəyin həm müsbət, həm də mənfi tərəfləri ola bilər: Putinin Yaxın Şərqdə güclü rola can atması potensial olaraq onu Ukrayna ilə bağlı daha konstruktiv olmağa sövq edə bilər.
Amma onun əsaslı güzəştlərə gedəcəyi inandırıcı görünmür. O, həm də düşünə bilər ki, İsrail və İran münaqişəsində güclü rolu onun Ukraynada əlini möhkəmləndirə bilər.
"Putindən ötrü Ukrayna prioritetdir", – bunu isə Notte yazır.