NPR xəbər verir ki, ABŞ-də siyasi sığınacaq almış belaruslu mühacirin oğlu saxlanılıb və immiqrantlar üçün təcridxanaya göndərilib.
Vadim Bulatı Belarusda rejim əleyhinə etiraz aksiyalarında iştirak edib və 2022-ci ildə ölkəni tərk edib. O, hazırda Minnesotada yaşayır. Onun oğlu Aleksandr Bulatı isə ABŞ-yə qanuni əsaslarla daxil olub. O, Co Bayden administrasiyası dövründə istifadəyə verilmiş "CBP One" adlı tətbiqdən istifadə edib. Bu tətbiq sığınacaq almaq istəyən şəxslərə Meksikadan keçid məntəqələrindən keçmək üçün növbəyə yazılmağa imkan verirdi.
2025-ci ilin mayında onun işi üzrə yerli miqrasiya məhkəməsində ilk dinləmə keçirilib, lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi işin dayandırılması barədə vəsatət qaldırıb.
Vadim və Aleksandr Bulatılar bu qərarın onların işlərinin birləşdirilməsi məqsədilə qəbul olunduğunu düşünüblər. Lakin məhkəmə zalından çıxarkən Aleksandrı ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşları saxlayıblar. Onlar onun sürətli deportasiyaya məruz qalacağını bildirib və onu Friborn dairəsindəki immiqrasiya təcridxanasına göndəriblər. Vəkil Malinda Şmixen onun işinə yenidən baxılması qərarına nail olub. Bu, Aleksandrın yaxın zamanda deportasiya edilməyəcəyi anlamına gəlir, lakin o, təcridxanada qalacaq.
V.Bulatı bildirib ki, oğluyla mütəmadi olaraq əlaqə saxlayır. Onun sözlərinə görə, Aleksandr 30 nəfərlə birlikdə həddindən artıq dolu bir kamerada saxlanılır. Kamerada işıq söndürülmür və burada saxlanılanlara çölə çıxmağa icazə verilmir.