Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti üçüncü ölkələrlə vizasız səyahət rejiminin dayandırılması ilə bağlı yeni qaydalar üzrə razılığa gəlib. Aİ Şurasının yaydığı açıqlamada bildirilib ki, bu dəyişikliklərlə blok vizasız rejimin sui-istifadə edildiyi və ya onun maraqlarına zidd hallarda daha çevik və təsirli reaksiya vermək imkanına malik olacaq.
Yeni qaydalara əsasən, üçüncü ölkələr üçün vizasız səyahət rejimi təkcə miqrasiya və təhlükəsizlik göstəricilərinə deyil, həm də siyasi və hüquqi amillərə əsasən dayandırıla biləcək. Bura üçüncü ölkənin vizasız rejiminin Aİ-nin viza siyasəti ilə uyğun gəlməməsi; investor vətəndaşlığı (qızıl pasport) proqramlarının fəaliyyəti; hibrid təhdidlər və sənəd təhlükəsizliyi ilə bağlı qanunvericilik və prosedurlarda çatışmazlıqlar; Aİ ilə üçüncü ölkə arasında xarici münasibətlərin pisləşməsi aiddir. (xüsusilə də insan hüquqları və demokratik prinsiplərlə bağlı ciddi gərginliklər müşahidə olunduqda)
Miqrasiya ilə bağlı konkret göstəricilər də müəyyənləşdirilib. Belə ki, bir ölkədən Aİ-yə səfər edən şəxslərin geri qaytarılma, sığınacaqdan imtina və ya qanunsuz qalma hallarında 30 faizlik artım müşahidə olunarsa, vizasız rejim dayandırıla bilər.
Yeni mexanizm vizasız səyahətin müvəqqəti dayandırılması müddətini 9 aydan 12 aya, mümkün uzatma müddətini isə 18 aydan 24 aya qədər artırır. Bu müddətdə Avropa Komissiyası üçüncü ölkə ilə dialoq quraraq vəziyyəti qiymətləndirəcək. Problemlər aradan qaldırılmasa, vizasız rejim tamamilə ləğv oluna bilər.
Hazırda Aİ Şurasına sədrlik edən Polşanın xarici işlər naziri Radoslav Sikorski bu razılaşma ilə bağlı bildirib ki, vizasız səyahət rejimi həm üçüncü ölkə vətəndaşları, həm də Aİ üçün mühüm üstünlüklər təqdim etsə də, sui-istifadə halları ilə üzləşdikdə Aİ vəziyyəti düzəltmək üçün zəruri vasitələrə sahib olmalıdır: "Yeni hüquqi alətlər qanunsuz miqrasiyanın qarşısının alınması və qarşılıqlı əməkdaşlıqdan yayınan ölkələrə təzyiq göstərmək üçün istifadə edilə bilər".
Polşanın baş naziri Donald Tusk Gürcüstan vətəndaşları üçün Avropa İttifaqına (Aİ) vizasız səfər hüququnun ya tamamilə ləğvini və ya məhdudlaşdırılmasını təklif edib.
Parlamentdə çıxışı zamanı D.Tusk bəyan edib ki, gürcülərin üçdə birinin Avropa dəyərlərini bölüşmək istədiyini bilsə də, "müəyyən" standartlara əməl etməyən ölkələrlə vizasız rejimin məhdudlaşdırılmasının tərəfdarıdır.