Azərbaycanın İrandakı səfirliyinin ailə üzvləri ölkələrinə keçiblər

Azərbaycanın Tehrandakı səfirliyi

Azərbaycanın İrandakı səfirliyi əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ilkin olaraq ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub.

AZƏRTAC-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, İrandakı səfirlik və Təbriz şəhərindəki Baş konsulluq, habelə İsraildəki səfirlik Azərbaycan vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirərək zəruri tədbirlər görürlər. Amma A.Hacızadə indiyə kimi nə qədər Azərbaycan vətəndaşının müraciət etdiyini açıqlamayıb.

İran Azərbaycanla qonşu ölkədir. Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhədində qonşu ölkələrlə gediş-gəliş məhdudlaşdırılıb. 2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını bəyan etsə də, sərhəddə məhdudiyyətlər götürülməyib. Nazirlər Kabineti məhdudiyyətlərin müddətinin uzadılmasını eyni səbəblə izah etsə də, rəsmilər çıxışlarında təhlükəsizlik amillərindən bəhs edirlər. Amma son günlər İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan dövləti xarici vətəndaşların təxliyələri üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır. Söhbət, əsasən, Rusiya vətəndaşlarından gedir.

İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Rəsmi Tehran da İsrailə cavab verməyə başlayıb. Artiq üç gündür tərəflər qarşılıqlı şəkildə bir-birlərinə zərbələr endirməkdədir. Hər iki tərəfdən itkilər var.