Britaniyanın gizli kəşfiyyat xidməti - MI6-nın 116 illik tarixində ilk dəfə olaraq təşkilata qadın rəhbər təyin olunacaq. Bu barədə iyunun 15-də Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bu ilin payızından MI6-nın rəhbəri 47 yaşlı Bleys Metreveli olacaq. O, bu vəzifədə Riçard Muru əvəz edəcək.
Metreveli MI6-da texnologiyalar və innovasiyalar şöbəsinin rəhbəridir. Bundan əvvəl o, Böyük Britaniyanın digər məşhur xüsusi xidməti - əks-kəşfiyyat orqanı olan MI5-də yüksək vəzifələr tutub, daha əvvəl isə Avropa və Yaxın Şərqdə kəşfiyyat sahəsində çalışıb. "The Financial Times"ın vurğuladığına görə, "həmkarlarının sözlərinə əsasən, o, ərəb dilini mükəmməl bilir və Yaxın Şərqdə, o cümlədən müharibə bölgələrində zəngin iş təcrübəsinə malikdir".
BBC Metrevelinin 2021-ci ildə MI5 xidmətində "direktor K" təxəllüsü ilə "The Telegraph" qəzetinə verdiyi müsahibədən sitat gətirib. Müsahibədə o deyib ki, "Rusiya yox, amma Rusiya dövlətinin fəaliyyəti Britaniya üçün təhdiddir". Çin barəsində isə o bildirib ki, "bu ölkə dünyanı dəyişir, bu isə Britaniya üçün həm inanılmaz imkanlar, həm də təhlükə yaradır".
"The Financial Times" B.Metrevelinin Şərqi Avropa kökləri haqqında yazaraq kəşfiyyat xidmətinin gələcək rəhbərinin soyadının gürcü mənşəli olmasına diqqət çəkir.