Paşinyan Türkiyəyə gedir

N.Paşinyan və R.T.Ərdoğan

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək. Bunu jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfərin "tarixi əhəmiyyət" daşıdığını bildirib. Onun sözlərinə görə, bu, Ermənistan rəhbərinin bu səviyyədə Türkiyəyə ilk səfəridir.

Parlament spikeri qeyd edib ki, bu səfər tərəflər arasında birbaşa əlaqələrin inkişafı baxımından önəmli mərhələdir. "Səfər müddətində bütün regional addımlar müzakirə olunacaq", - o əlavə edib.

Paşinyan 2023-cü ilin iyununda Türkiyəyə işgüzar səfər etmiş və prezident Ərdoğanın andiçmə mərasiminə qatılmışdı.

5 iyun

Paşinyanla Ərdoğan regiondakı vəziyyəti müzakirə ediblər

Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Paşinyan Türkiyə prezidentini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Prezident Ərdoğan isə Ermənistan baş naziri Paşinyanı 2026-cı ilin yazında Yerevanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi münasibətilə təbrik edib.

Qeyd olunub ki, Paşinyan və Ərdoğan Ermənistan-Türkiyə münasibətlərini və regional vəziyyəti müzakirə ediblər və dialoqu davam etdirmək barədə razılığa gəliblər.

'Türkiyə ilə münasibətlərimiz fəal və səmərəlidir'

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 5-də parlament komitəsində büdcə hesabatının müzakirəsi zamanı bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq, iki ölkə arasında çox fəal və effektiv dialoq qurulub.

"Türkiyə ilə rəsmi diplomatik əlaqələrimiz olmasa da, diplomatik əlaqələr olan bir çox digər ölkələrlə müqayisədə bizim daha fəal və səmərəli dialoqumuz var. Təbii ki, kim desə ki, artıq bu dialoqun sahədə real nəticələr verməsinin vaxtıdır, haqlıdır", - Mirzoyan vurğulayıb.

Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.