Həbsdə olan jurnalist Polad Aslanov saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.
Bununla bağlı Ombudsman Aparatının nümayəndələrinin iyunun 15-də Aslanovla müəssisədə görüşdükləri bildirilir.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. O bildirib ki, Aslanov saxlanıldığı şəraiti Ombudsman Aparatının işçilərinə "əyani şəkildə" göstərib.
"Saxlanıldığı kamerada üç məhbus döşəmənin üzərində, məhbusların ayaqları altında yatır", - Aslanova deyir.
Xanımın sözlərinə görə, P.Aslanov səhhəti ilə də bağlı şikayət dilə gətirib. Onun vurğuladığına görə, nə düzgün müayinə edilir, nə də müalicə alır: "Polad onu da bildirib ki, qanunla aralarında konflikt, münaqişə olan iki məhbusun eyni cəzaçəkmə müəssisəsində saxlanılması qadağandır, qanun buna yol vermir".
P.Aslanov hesab edir ki, onu şərlənməyində iştirak edən məhbusla eyni müəssisədə saxlayırlar.
Hələlik, bu açıqlamaya Ombudsman Aparatı və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərə cavab olaraq bildiriblər ki, məhbuslar qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun saxlanır.
P.Aslanov 2019-cu ilin iyununda saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilərək 16 il azadlıqdan məhrum edilib. Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 370-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.