Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:42

SIPRI xəbərdarlıq edir: Nüvə silahlarının ixtisarı dövrü sona çatır


1953-cü ildə ABŞ-də 280 mm-lik topdan 15 kilotonluq nüvə mərmisinin sınağı.
1953-cü ildə ABŞ-də 280 mm-lik topdan 15 kilotonluq nüvə mərmisinin sınağı.

Ötən il, 2024-cü ildə nüvə silahına malik doqquz ölkənin hamısı - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail — mövcud silahları təkmilləşdirərək və onların yeni versiyalarını əlavə edərək intensiv nüvə modernizasiya proqramlarını davam etdiriblər. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) illik hesabatında bildirib.

Hesabata görə, 2025-ci ilin yanvarına olan təxmini məlumata əsasən, dünyada ümumilikdə 12 min 241 nüvə başlığı mövcuddur. Bu başlıqlardan təxminən 9 min 614-ü hərbi ehtiyatlarda mümkün istifadə üçün saxlanılır. Onlardan təxminən 3 min 912-si raketlər və hərbi təyyarələrlə yerləşdirilmiş, qalan hissəsi isə mərkəzi anbarlarda saxlanılır. Təxminən 2 min 100 nüvə başlığı ballistik raketlərdə yüksək operativ hazırlıq vəziyyətində saxlanılır. Bu başlıqların, demək olar, hamısı Rusiya və ABŞ-yə məxsusdur. Lakin SIPRI ehtimal edir ki, Çin də artıq dinc dövrdə bəzi nüvə başlıqlarını raketlərdə saxlamağa başlamış ola bilər.

SIPRI qeyd edib ki, Soyuq müharibənin sonundan bəri Rusiya və ABŞ tərəfindən istismardan çıxarılmış nüvə başlıqlarının tədricən zərərsizləşdirilməsi adətən yeni başlıqların yerləşdirilmə sürətini üstələyib. Bu da illər ərzində qlobal nüvə silahı ehtiyatının ümumi azalmasına səbəb olub. Bununla belə, SIPRI əlavə edib ki, bu meylin qarşıdakı illərdə dəyişəcəyi gözlənilir, çünki bir tərəfdən nüvə başlıqlarının istismardan çıxarılması yavaşlayır, digər tərəfdən isə nüvə ehtiyatının çoxaldılması prosesi sürətlənir. Bu isə nəticədə yaxın gələcəkdə qlobal nüvə arsenalının artmasına səbəb olacaq.

"Nüvə silahı münaqişələrin qarşısını almır"

SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramının baş elmi əməkdaşı və Amerika Alimləri Federasiyasının (FAS) Nüvə Məlumatları Layihəsinin direktoru Hans Kristensen deyib: "Soyuq müharibənin sonundan bəri dünya üzrə nüvə silahlarının sayının azaldılması dövrü başa çatmaq üzrədir. Əvəzində isə biz nüvə arsenallarının artması, nüvə ritorikasının kəskinləşməsi və silahlara nəzarət razılaşmalarından imtina kimi açıq bir meyl müşahidə edirik".

SIPRI-nin hesabatında vurğulandığına görə, Şərqi Asiya, Avropa və Yaxın Şərqdə nüvə statusu və strategiyası ilə bağlı canlanan müzakirələr göstərir ki, daha çox dövlətin öz nüvə silahını inkişaf etdirməsi ehtimalı mövcuddur. Həmçinin nüvə paylaşımı ilə bağlı razılaşmalara da yenidən diqqət artıb. SIPRI bu sahədə 2024-cü ildə Rusiyanın Belarus ərazisində nüvə silahları yerləşdirməsi barədə razılaşmasını xatırladıb. Həmçinin, NATO-nun Avropadakı bəzi üzvləri ABŞ-nin nüvə silahlarını öz ərazilərində yerləşdirməyə hazır olduqlarını ifadə ediblər.

SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramında elmi tədqiqatçı və Amerika Alimləri Federasiyasının (FAS) Nüvə Məlumatları Layihəsində direktor müavini Mett Korda isə bildirib ki, "nüvə silahlarının təhlükəsizliyi təmin etmədiyini xatırlamaq çox vacibdir".

"Hindistan və Pakistan arasında son gərginlik də göstərdi ki, nüvə silahları münaqişələrin qarşısını almır. Əksinə, xüsusilə dezinformasiyanın geniş yayıldığı şəraitdə onlar böyük eskalasiya və fəlakətli yanlış hesablama riski daşıyır. Nəticə etibarilə bu, bir ölkənin əhalisinin təhlükəsizliyini təmin etmək əvəzinə, daha təhlükəli vəziyyət yarada bilər", - o vurğulayıb.

XS
SM
MD
LG