Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:00

Əfqan qadınlar Qərbin diqqətindən kənarda qalmaqdan narahatdırlar


Qızlar üçün orta məktəblərin yenidən açılması tələbi ilə Kabildə Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası. 2022
Qızlar üçün orta məktəblərin yenidən açılması tələbi ilə Kabildə Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası. 2022

Təxminən dörd il əvvəl Taliban Əfqanıstanda yenidən hakimiyyətə gələndən bəri qadınların azadlıqlarına qoyulan məhdudiyyətlər sürətlə artıb və çox az qadın işini saxlaya bilib. Amina da onlardan biridir. İndi Amina və onun kimi Talibanın sərt məhdudiyyətlərinə baxmayaraq, hələ də karyerasını itirməmiş azsaylı qadınlar yeni bir təhlükədən narahatdırlar: Ukrayna və Yaxın Şərqdə davam edən qlobal münaqişələr və dəyişən beynəlxalq prioritetlər. ABŞ və bir çox Avropa ölkələri xarici siyasətlərini yenidən nəzərdən keçirərək humanitar yardımları kəsməyə başlayıblar. Bu isə Taliban rejimi altında qadın hüquqlarının onsuz da acınacaqlı vəziyyətini daha da ağırlaşdırır.

"Taliban bizə qarşı repressiyalardan cəzasız qurtulur, çünki bilir ki, beynəlxalq ictimaiyyət üçün artıq Əfqanıstan prioritet deyil", - Amina bildirib.

Təhlükəsizlik səbəbindən adı dəyişdirilən Amina deyib ki, özəl bir media qurumundakı işi onun üçün "həm maddi, həm də mənəvi baxımdan yaşamaq üçün həyati əhəmiyyət daşıyır". Onun aylıq 12 min əfqani (170 ABŞ dolları) məbləğindəki maaşı təkcə valideynləri və ailəsi üçün süfrəyə yemək qoymağa kömək etmir.

"İşləyə bilmək mənim üçün puldan daha vacibdir: bu, həyatıma bir məna verir - hiss edirəm ki, həyatımla nəsə edirəm. Əgər bu gün ölkəmdəki əksər qadınlar kimi, evin dörd divarı arasına məhkum olunsaydım, sözün əsl mənasında dəli olardım", - 25 yaşlı Amina AzadlıqRadiosuna müsahibəsində qeyd edib.

Lakin Amina qorxur ki, Taliban hökuməti qadınların hüquqlarını ləğv etdikcə, Əfqanıstandakı, xüsusilə də paytaxt Kabildən kənarda yaşayan qadınların həyatına dolanan "ip getdikcə daha da sıxılır".

Taliban inklüziv hökumət qurmaq, fundamental insan haqlarına riayət etmək və Əfqanıstan ərazisinin transmilli ekstremist qruplar üçün təhlükəsiz sığınacaq halına gəlməsinin qarşısını almaq barədə vədlər versə də, buna nail ola bilməyib.

Sərt xəttə malik bu islamçı rejim əfqan qadın və qızların təhsilə, işləməyə və sərbəst hərəkət azadlığına çıxışını sistemli şəkildə əngəlləyib. Onların hökumətdə və ya cəmiyyətdə önəmli vəzifələr tutmasının da qarşısı alınır.

Taliban qızların 6-cı sinifdən sonra məktəbə getməsinə qadağa qoyub.
Taliban qızların 6-cı sinifdən sonra məktəbə getməsinə qadağa qoyub.

Talibanın bu siyasəti qadınları ictimai həyatın bütün sahələrindən kənarlaşdırmaqla onları, demək olar ki, tam görünməz hala gətirib.

BMT Talibanın Əfqanıstan qadınlarına qarşı münasibətini "gender aparteidi" adlandıraraq qınayıb. Qurum qadınların ictimai həyatdan sistemli şəkildə silinməsini və istənilən müqavimətin ağır şəkildə cəzalandırılmasını xüsusi vurğulayıb.

BMT-nin Əfqanıstandakı missiyası (UNAMA) ötən ay yaydığı yeni hesabatında qadınlara qarşı davam edən və geniş yayılmış ayrıseçkiliyi sənədləşdirib. Fəzilətlərin Təbliği Nazirliyi 2024-cü ildə ali ruhani lider Heybətulla Axundzadə tərəfindən təsdiqlənmiş sərt əxlaq qanunlarını həyata keçirərək qadınların azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır.

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs orderləri

Talibanın əxlaq qanunları qadınların ictimai yerlərdə danışmasını və üzlərini göstərməsini, əyləncə parklarına getməsini, kişi qohumun müşayiəti olmadan səyahət etməsini və ya ictimai yerlərdə yemək yeməsini qadağan edir.

Bütün ölkədə qadın idman zalları və gözəllik salonları bağlanıb.

Bu ilin əvvəlində Beynəlxalq Cinayət Məhkəməsi H.Axundzadə və Talibanın Ali Məhkəməsinin baş hakimi Əbdül Hakim Haqqanini qadınlara qarşı təqiblərdə ittiham edərək onlar barəsində həbs orderləri çıxarıb. Lakin Taliban rəhbərliyi həm bu həbs orderlərini, həm də qadın hüquqlarına dair sərt siyasətlərinə görə BMT-nin tənqidlərini rədd edib.

Əfqanıstanda qadın hüquqlarının pozulmasının əsas səbəbi Talibanın repressiv siyasəti olsa da, qlobal münaqişələr və dəyişən beynəlxalq prioritetlər əfqan qadınların üzləşdiyi problemləri daha da çətinləşdirir.

Taliban təhlükəsizlik əməkdaşları Cəlalabadda rəsm sərgisinin yanından keçərkən burkalı qadın portretinə baxırlar.
Taliban təhlükəsizlik əməkdaşları Cəlalabadda rəsm sərgisinin yanından keçərkən burkalı qadın portretinə baxırlar.

Qadın hüquqlarını diqqətdə saxlamaq

Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramında ianələrin ixtisarı ilə bağlı qərarı bu dəyişikliklərdən biridir.

"OneAid" təşviqat qrupunun məlumatına görə, bu addım Əfqanıstana çatacaq yardımların 500 milyon dollardan çox azalmasına səbəb olacaq.

Yaxınlarda Kabildən qonşu Pakistana köçən müstəqil əfqan jurnalist Rahila Yusifi AzadlıqRadiosuna telefonla verdiyi müsahibədə deyib: "Elə hiss olunur ki, Qərb Əfqanıstan və onun problemlərini, həmçinin qadın hüquqlarını unudub. Əfqanıstan İran və Qəzza kimi yeni münaqişələrə görə radardan daha da çıxır. Qərb ölkələri daha çox öz daxili işlərinə diqqət yetirirlər".

Dünyanın diqqətinin yayındığı bir vaxtda, Əfqanıstanın bir çox qadın hüquqları fəalları öz mübarizələrini beynəlxalq arenada diqqət mərkəzində saxlamaq üçün səylərini ikiqat artırıblar.

Taliban üzərində "təzyiq"

Əfqanıstanı sarsıdan ağır yoxsulluğa baxmayaraq, Taliban hökuməti Qərb ölkələrinin yardım şərtlərində qadın və etnik azlıqların hüquqlarının qorunması kimi tələbləri qəbul etməyib. Bunun əvəzinə Taliban hökuməti Əfqanıstandakı insan haqları vəziyyətinə daha az diqqət yetirən Çin, Rusiya və Mərkəzi Asiya ölkələri kimi dövlətlərə üz tutub. Talibanın rəhbərlik etdiyi hökumət dünya miqyasında hələ heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmasa da, bu ölkələrlə ticarət, iqtisadi və siyasi əlaqələr qurub.

"Qərbin hələ də Taliban üzərində böyük təzyiq imkanları var", - Yusifi bildirib. "Taliban beynəlxalq tanınmanı çox istəyir. Əgər Taliban hökuməti Əfqanıstan xalqının narahatlıqlarını gözardı etməyə davam edərsə, Qərb ona legitimlik verməməlidir".

Yazı AzadlıqRadiosunun aparıcı müxbiri Fərəngiz Nəcibullah tərəfindən hazırlanıb.

XS
SM
MD
LG