Tramp G7 sammitini erkən tərk edir...

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitində

İyunun 16-da Ağ evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitindən Vaşinqtona tez qayıdır, çünki bir sıra "vacib" məsələlərlə məşğul olmalıdır. Onun bu açıqlaması Trampın sosial mediada Tehran sakinlərinə dərhal şəhəri tərk etmək çağırışından qısa müddət sonra gəlib.

Tramp "Truth Social" platformasında yazıb: "İran razılaşmanı imzalamalı idi. Onlara imzalamağı söylədim. Bu, necə də utancvericidir və insan həyatının israfıdır. Sadə dillə desək, İRAN NÜVƏ SİLAHINA SAHİB OLA BİLMƏZ. Bunu dəfələrlə demişəm. Hər kəs dərhal Tehranı tərk etməlidir!".

Daha əvvəl isə İsrail ordusu Tehranın bir rayonunun sakinlərinin təxliyəsi ilə bağlı çağırış yayımlamışdı.

Bu xəbərdarlıqlar İsrailin İranda hücumlarını intensivləşdirdiyi bir vaxtda verilir. İsrail bu hücumların ölkənin nüvə obyektlərini məhv etməyə yönəldiyini bildirir.

Tramp isə sammiti vaxtından əvvəl tərk etmə qərarı elan olunmazdan əvvəl jurnalistlərə deyib: "Buradan çıxan kimi nəsə edəcəyik. Amma buranı tərk etməliyəm".

Tramp ətraflı açıqlama verməsə də, Ağ evin sözçüsü Aleks Pfayffer daha sonra X platformasındakı paylaşımında bildirib ki, ABŞ-nin Yaxın Şərqdəki qüvvələri "müdafiə mövqeyindədir və bu, dəyişməyib".

Tramp G7 zirvəsini tərk etməzdən əvvəl yeddi liderlə birgə mülki əhalinin qorunmasının vacibliyini vurğulayan bəyanat imzalayıb. Hücumlar intensivləşdikcə iki tərəfdə həlak olan mülki şəxslərin sayı artır.

G7 liderləri – Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ - İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə və İsrailin özünümüdafiə hüququna malik olduğuna inandıqlarını da bəyan ediblər.

Bəyanatda ifadə olunub ki, İran böhranının həlli "Yaxın Şərqdə, o cümlədən Qəzzada atəşkəs də daxil olmaqla, daha geniş miqyaslı deeskalasiyaya gətirib çıxaracaq".

İyunun 13-də İsrailin İrana qarşı ilk bombardman dalğasını başladığından bəri ABŞ-nin bu hücumlarda mümkün iştirakı ilə bağlı suallar ortaya çıxıb. ABŞ prezidenti dəfələrlə bəyan edib ki, ABŞ ilkin zərbələrdə iştirak etməyib və o, ölkənin gələcəkdə iştirak edib-etməyəcəyi barədə fikir bildirməkdən imtina edib.

ABŞ-nin münaqişəyə hərbi müdaxiləsinin mümkünlüyü sualına Trampın cavabı "Mən bu barədə danışmaq istəmirəm" olub.

İsrail İranın nüvə proqramına aid bir neçə obyekti hədəf alıb, lakin Tehranın təxminən 200 kilometr cənubunda, dərin yeraltı sığınacaqda yerləşən Fordo uranı zənginləşdirmə obyektini məhv edə bilməyib. ABŞ mediasında sitat gətirilən hərbi ekspertlərin fikrincə, bu obyektin sıradan çıxarılması üçün yalnız ABŞ Hərbi Hava Qüvvələrinin "B-2" tipli bombardmançısının daşıya biləcəyi, bunkeri dağıda bilən bomba tələb olunur.

Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Mark Karni və ABŞ prezidenti Donald Tramp G7 sammitində

Tramp Zelenski ilə görüşə bilməyəcək

Trampın sammiti qəfil tərk etməsi həm də onun Ukrayna prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşə qatılmayacağı deməkdir. Zelenski bu sammitə ev sahibliyi edən Kanada tərəfindən dəvət olunub. Bu görüş iki lider arasında növbəti gərgin qarşılaşma ola bilərdi, çünki Tramp iyunun 16-da verdiyi açıqlamada keçmiş G8-in Rusiyanı 2014-cü ildə Krımı ilhaq etdiyinə görə qrupdan çıxarmaq qərarını səhv adlandırıb.

Kanadanın baş naziri Mark Karni ilə birgə çıxış edən Tramp həmin qərarı "böyük səhv" adlandırıb və əlavə edib ki, əgər Putin qrupdan çıxarılmasaydı, Rusiya 2022-ci ildə Ukraynaya hücum etməzdi.

"(Rusiya prezidenti Vladimir) Putin mənimlə danışır. Başqa heç kimlə danışmır… O, bundan məmnun deyil, bunu sizə deyə bilərəm. Əslində onu qovmuş insanlarla, ümumiyyətlə, danışmır və mən bu mövzuda onunla razılaşıram", – Tramp deyib.

Tramp Rusiyanın qrupa qaytarılmalı olduğunu deməklə kifayətlənsə də, onun şərhləri Zelenskinin bu görüşdə nəyə nail ola biləcəyinə dair şübhələr yaradıb.

G7-yə daxil olan Avropa dövlətlərinin liderləri də sammit başlamazdan əvvəl Trampı Moskvaya qarşı daha sərt sanksiyaları dəstəkləməyə inandırmaq istədiklərini bildirmişdilər.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Yaxın Şərqdə atəşkəsin əldə olunması məqsədi nəzərə alınaraq, Trampın G7 sammitindən erkən ayrılması müsbət addımdır. O, həmçinin amerikalıların iranlılarla görüş təklif etdiklərini vurğulayıb.

"Əgər ABŞ atəşkəsə nail ola bilsə, bu, çox yaxşı haldır",- Makron jurnalistlərə deyib.

Trampın geri qayıtmasının səbəbinin ABŞ-nin hərbi müdaxiləsi ilə bağlı olması ilə bağlı fərziyyələr fonunda ABŞ-nin müdafiə naziri Pit Heqset deyib ki, Tramp hələ də razılaşma ilə həll yoluna ümid edir.

"Biz güclüyük. Biz hazırıq. Biz müdafiədəyik və prezident Tramp sülhün ola biləcəyinə ümid edir", - Heqset "Fox News"a bildirib.

O, ABŞ-nin regiondakı hərbi mövqeyini müdafiə xarakterli və sayıq adlandırıb.

"Biz əvvəldən ardıcıl olaraq mesaj vermişik ki, regionda öz xalqımızı və resurslarımızı müdafiə etmək üçün varıq" - müdafiə naziri əlavə edib.