Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 03:24

İsrailin hücumlarından ehtiyatlanan iranlılar qonşu Ermənistana sığınır [Video]


İranlılar İsraillə münaqişə fonunda ölkədən qaçırlar
İranlılar İsraillə münaqişə fonunda ölkədən qaçırlar

İsrailin hava zərbələri səngimədiyi üçün minlərlə insan Tehrandan qaçaraq ölkənin şimal hissələrində sığınacaq axtarır, bu isə yollarda tıxaclara və yanacaq qıtlığına səbəb olur. Lakin bir çoxları üçün bu da kifayət deyil.

Ölkənin şimal sərhəd keçidləri ölkə daxilində heç bir yerin təhlükəsiz olmadığından qorxaraq İranı tərk etmək istəyənlərlə dolmaqdadır. İran bu istiqamətdə Türkiyə, Azərbaycan və Ermənistanla sərhəddir.

İranla sərhədin Ermənistan tərəfində yerləşən Aqarada yerli sakinlər deyirlər ki, adi su daşqına çevrilib, sərhədi keçənlərin sayı ciddi şəkildə artıb.

Amir Nikki adlı şəxs AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib: "Heç bir şəhər təhlükəsiz deyil, çünki hər yerdə hərbi obyektlər... və silahlar var".

Nikki Böyük Britaniyada yaşasa da, onun ailəsi İsrailin hədəfə aldığı nüvə obyektlərinə yaxın olan mərkəzi İsfahan şəhərində yaşayır. İsrail bu hücumları İranın nüvə proqramını neytrallaşdırmaq məqsədilə etdiyini iddia edir. İsrail və onun bir çox Qərb müttəfiqləri İranı nüvə silahları hazırlamağa çalışmaqda ittiham edir. Tehran isə bu iddiaları qətiyyətlə rədd edərək bildirir ki, onun nüvə proqramı yalnız mülki məqsədlərə xidmət edir.

Hər iki halda, Nikkinin ailəsi atəş xəttinin ortasında qalıb.

"Onlar çox narahatdırlar. Çox stressli vəziyyətdədirlər. Nə nəfəs ala bilirlər, nə yemək yeyə, nə də su içə bilirlər. Onlar şokdadırlar. Yata bilmirlər", - o, İsfahandan 1100 kilometrdən çox məsafədə olan Ermənistan sərhədini keçdikdən sonra bildirib.

'Heç bir şəhər təhlükəsiz deyil': İsraillə münaqişə davam etdiyi üçün iranlılar Ermənistan sərhədinə qaçırlar
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

İsrail iyunun 13-də İran ərazisindəki hədəflərə hava zərbələri endirdikdən sonra hər iki tərəf həm hərbi, həm də mülki obyektləri hədəf alan hücumlarla bir-birinə cavab verir, nəticədə çox sayda insan ölüb. Lakin İsrailin hərbi üstünlüyünü nəzərə alsaq, İranda vəziyyət daha pisdir.

Ölkəni tərk edənlərin əksəriyyətinin qadınlar və qocalar olduğu görünür.

Aqara sərhəd-keçid məntəqəsində erməni taksi sürücüləri bildirib ki, günboyu növbəli şəkildə işləyərək bu insan axınının öhdəsindən gəlməyə çalışırlar. Onların sözlərinə görə, sərhədi keçən təkcə iranlılar deyil, çoxları müharibədən qaçan başqa ölkələrin vətəndaşlarıdır.

Sərhədi keçənlərin sayının artması ehtimalı var

AzadlıqRadiosunun erməni xidmətinin müxbirləri Ermənistana daxil olanlar arasında Asiya ölkələrinin vətəndaşlarından ibarət qrupları da görüblər. Hətta onlardan biri proqnoz verib ki, İsrail və İran arasındakı münaqişə daha da alovlandıqca, Ermənistana keçənlərin sayı "ehtimal ki, artacaq".

Soyadının açıqlanmasını istəməyən İsmayıl Almaniyada yaşayan iranlıdır. O bildirib ki, ölkədən çıxış reysləri təhlükəsizlik səbəbiylə ləğv olunduğu üçün Aqaraya gəlmək məcburiyyətində qalıb.

İranda qalan qohumlarına təsir edəcəyindən narahat olduğu üçün o, döyüşlərin tammiqyaslı müharibəyə çevrilməyəcəyinə ümid edir.

"Mən bu müharibənin olacağını düşünmürəm. Amerika və Avropa döyüşlərin sona çatması üçün təzyiq göstərəcək", - o bildirib.

İsmayıl deyir ki, o zamana qədər isə ölkədən kənarda olarkən edə biləcəyi yeganə iş ailəsi ilə əlaqə saxlamaq və uzaqdan da olsa, onların təhlükəsizlikdə olmasına ümid etməkdir.

XS
SM
MD
LG